Tete “Lester Siti”də – “Şaxtyor” “Olimpik”i “ofsaydda qoydu”

23 yaşadək futbolçulardan ibarət Braziliya milli komandasının yarımmüdafiəçisi Tete İngiltərənin “Lester Siti” klubuna transfer olunub. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumameyilli yarımmüdafiəçini Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan icarəyə götürüb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Lester Siti” 22 yaşlı vingeri bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. İngiltərə klubu yayda futbolçunun transfer hüquqlarını almaq üçün Donetsk təmsilçisinə 25 milyon avro ödəməli olacaq.

Tam adı Mateus Kardozo Lemos Martins olan Tete 2019-cu ilin fevral ayından “Şaxtyor”da çıxış edir. Donetsk təmsilçisi həmin vaxt onu yetirməsi olduğu “Qremio”dan 15 milyon avro qarşılığında transfer edib. Braziliyalı sağ cinah vingeri bu komandada 108 oyun keçirib, 31 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Ukrayna klubu Teteni 2022-ci ilin mart ayında Lion “Olimpik”inə icarəyə vermişdi. O, Fransa komandasında meydana çıxdığı 30 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Lakin “Lester Siti”dən gələn sərfəli təklifə görə, “Şaxtyor” futbolçusunu Lion təmsilçisindən geri qaytarıb və İngiltərəyə göndərib. Yarımmüdafiəçi Braziliyanın U-20 və U-23 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: