Daniele De Rossi SPAL-dan istefaya göndərildi

Futbol üzrə İtaliya yığmasının və “Roma”nın sabiq yarımmüdafiəçisi Daniele De Rossi SPAL komandasının baş məşqçi postundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə B Seriyasında çıxış edən klubun rəsmi saytı məlumat yayıb.

39 yaşlı mütəxəssislə 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləyə xitam verilib. Onunla yanaşı, köməkçiləri də istefaya göndərilib.

İstefaya komandanın uğursuz nəticələri səbəb göstərilib. Keçirdiyi son dörd oyunda qələbəyə həsrət qalan, son üç matçında məğlubiyyətlə üzləşən SPAL uğursuz gedişata baş məşqçi dəyişikliyi ilə dur deməyə qərar verib. Komanda bu mövsüm B Seriyasında 24 oyuna topladığı 24 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Daniele De Rossi 2022-ci ilin oktyabr ayından SPAL-a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 17 oyuna çıxarıb. SPAL bu oyunlarda cəmi 3 qələbə qazanıb, 6 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.

De Rossi SPAL-a qədər İtaliya yığmasında Roberto Mançininin köməkçisi kimi çalışırdı. “Roma”nın yetirməsi olan yarımmüdafiəçinin demək olar ki, bütün karyerası bu klubla bağlıdır. O, “canavarlar”ın heyətində 616 oyuna çıxıb, 63 qol vurub. Kemiş futbolçu paytaxt klubundan ayrılandan sonra Argentina “Boka Xuniors”una keçsə də, burada cəmi 7 oyun keçirib, 1 qol vurub və 2020-ci ildə karyerasını başa vurub. De Rossi İtaliya yığmasında da 117 oyun keçirib, 21 qola imza atıb.

SPAL-ın yeni baş məşqçsi də məlumdur. Komandanı bundan sonra İtaliya yığmasının digər sabiq üzvü Massimo Oddo çalışdıracaq. 46 yaşlı mütəxəssislə müqavilə müddəti daha 1 il artırılmaq şərti ilə bu mövsümün sonunadək nəzərdə tutulub. Komanda B Seriyasındakı yerini qorumağı bacarsa, müqavilənin müddəti avtomatik uzadılacaq.

Massimo Oddo son olaraq ötən il “Padova”nı çalışdırıb. İtaliyalı məşqçi “Peskara”, “Peruca”, “Krotone” və “Udineze”yə də rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: