Braziliyanın U-20 yığmasının baş məşqçisi Ramon Menezes bu ölkənin əsas milli komandasının müvəqqəti baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Menezes baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirəcək. O, bu ayın 25-də Mərakeş yığma komandası ilə yoxlama oyununda Braziliya millisinə rəhbərlik edəcək.
Xatırladaq ki, Braziliya milli komandasının baş məşqçisi Tete Qətərdəki dünya çempionatından (DÇ-2022) sonra istefa verib. Hazırda onun yerinə müxtəlif məşqçilərin namizədliyi haqqında xəbərlər çıxmasına baxmayaraq, federasiya rəhbərliyi seçim etməyə tələsmir. Menezesin müvəqqəti təyinatı da məhz bununla bağlıdır.
Ramon Menezes vaxtilə Braziliya milli komandasında 6 oyun keçirib və 1 qol vurub. O, 2013-cü ildən məşqçiliyə başlayıb. 50 yaşlı mütəxəssis “Yoinvill”, ASEEV, “Anapolis”, “Quarani”, “Tombense”, “Vasko da Qama”, CRB, “Vitoriya” kimi komandalarda baş məşqilik edib. Təcrübəli mütəxəssis 2022-ci ildən Braziliyanın U-20 yığmasını çalışdırır. Bu komanda onun rəhbərliyi altında öz yaş qrupu üzrə son dünya çempionatının qalibi olub.



