Futbol üzrə İspaniya çempionatında (La Liqa) 21-ci turdan təxirə salınmış bir qarşılaşma baş tutub. Arena.az xəbər verir ki, günün yeganə matçında Madrid “Real”ı doğma meydanda “Elçe”ni sınağa çəkib.
Paytaxt təmsilçisi bu oyunda darmadağına sevinib. Belə ki, meydan sahibləri 3 xalı 4 cavabsız qolla qazanıblar. İki penaltidən dəqiq yararlanan Kərim Benzema isə bu oyunda dubla imza atıb.
Bu parlaq qələbədən sonra xallarının sayını 48-ə çatdıran “Real” ikinci pillədəki mövqeyini möhkəmləndirib. Lider 56 xala malik “Barselona”dır. Üçüncü pillədə 42 xalı olan “Real Sosyedad” qərarlaşıb. Madrid “Atletiko”sunun 38, “Betis”in 34, “Rayo Valyekano”nun 33, “Atletik”in (Bilbao) 32, “Vilyarreal”ın 31 xalı var.
İspaniya La Liqası
21-ci turun oyunu
15 fevral
Real – Elçe 4:0
Qol: Asensio, 8. Benzema, 31-pen; 45+1-pen. Modriç, 80.


