Canni İnfantino islahatlarla bağlı dialoqa hazır olduğunu açıqladı

FİFA prezidenti Canni İnfantino sözügedən qurumun idarəetmə sistemində islahatların müzakirəsinə hazır olduğunu bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə o, FİFA Şurasının üzvlərinə ünvanladığı məktubda bildirib.

İnfantino FİFA-da iri strateji təşəbbüslərin idarə olunması sisteminin müstəqil xarici auditinin keçirilməsini və onun təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlanmasını təklif edəcəyini qeyd edib.

O, həmçinin qərarların qəbulu mexanizmlərinin gücləndirilməsi məqsədilə konfederasiyalar, üzv assosiasiyalar və maraqlı tərəflərlə birbaşa, strukturlaşdırılmış və konkret müddətlə məhdudlaşdırılmış məsləhətləşmələr aparılmasını təklif edəcək.

“Bu məsləhətləşmələr çərçivəsində institusional strukturların qərarların qəbuluna daha erkən cəlb edilməsi, prezidentin, büronun, şuranın və konqresin səlahiyyətlərinin dəqiq ayrılması, eləcə də şəffaflığın artırılması, maraqlı tərəflərin iştirakının təmin olunması və iri strateji təşəbbüslərin həyata keçirilməsində hesabatlılığın gücləndirilməsi ilə bağlı konkret təkliflər nəzərdən keçiriləcək”, – deyə İnfantino bildirib.

FİFA Şurasının növbəti iclası oktyabrın 15-də keçiriləcək.

Xatırladaq ki, iyul ayında İnfantinonun qurumun əsas kişi və qadın turnirlərinə nəzarət edəcək şirkət yaratmaq istədiyi məlum olub. Onun fikrincə, FIFA Forward Enterprise şirkətinin yaradılması FİFA-nın üzv assosiasiyalarının gəlirlərini artıra və dünya futbolunun inkişafına töhfə verə bilərdi.

FİFA bu təşəbbüsün 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı. Lakin təklif futbol rəsmiləri, federasiyalar və digər təşkilatlar tərəfindən geniş tənqid olunub.

56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında FİFA-nın növbədənkənar konqresində qurumun prezidenti seçilib. Daha sonra o, alternativsiz seçkilərdə iki dəfə yenidən bu vəzifəyə gətirilib.

FİFA prezidentliyinə növbəti seçkilər 2027-ci ilin martında keçiriləcək. Namizədlik üçün müraciətlərin son tarixi isə 18 noyabrdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: