Mbappe: “Zidanın millidə baş məşqçim olması kino kimidir”

Fransa millisinin hücumçusu Kilian Mbappe Zinəddin Zidanın rəhbərliyi altında çalışmağa başlaması ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, Zidan Fransa millisinin baş məşqçisi postunda uzun illər çalışmış Didye Deşamı əvəzləyib.

Fransa yığmasını qarşıdakı dövrdə UEFA Millətlər Liqasında dörd oyun gözləyir. Komanda sentyabrın 25-də Türkiyə millisi ilə qarşılaşacaq.

Mbappe Zidanın təyinatının onun şəxsi hekayəsində xüsusi yer tutduğunu vurğulayıb. Belə ki, Zidan futbolçunu hələ 13-14 yaşlarında “Real”ın bazasına aparıb:

“Bu, yeni baş məşqçi ilə yeni səhifədir. Qarşıda UEFA Millətlər Liqası və dörd oyun var. Görək, hər şey necə alınacaq. Hamı üçün bu, yeni təcrübə olacaq, çünki indiyə qədər yalnız Deşamla işləmişik. Bu, bizim üçün dəyişiklikdir, amma düşünürəm ki, hər şey əla olacaq.

Bəli, bu, uzun illər əvvəl baş vermişdi. Məni ilk dəfə “Real”a, klubun idman bazasına aparan o olmuşdu. Onda 13-14 yaşım vardı. O vaxtdan çox zaman keçib. İndi isə o, millidə baş məşqçimdir. Bu, kino kimidir, amma həqiqətən möhtəşəmdir.

Hər şey realdır: Fransada yeni mərhələyə başlayırıq. Avropa çempionatına hazırlaşmaq üçün qarşımızda iki il var və hazırda diqqətimizi məhz buna yönəltmişik”, – deyə Mbappe bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: