Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva və qapıçı Rövşən Hüseynli bu gün jurnalistlər üçün brifinq keçiriblər. Arena.az xəbər verir ki, DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqçi keçirilib.
Məşqdən əvvəl isə baş məşqçi ilə təcrübəli qapıçı jurnalistlərin suallarını cavablandırıblar.
Joza Alesio Da Silva bunları söyləyib: “Hazırlıqla bağlı vaxt məhdudiyyəti var. Bu da FİFA-nın rəsmi oyunlar üçün ayırdığı vaxtın azlığından qaynaqlanır. Cəmi 5 məşq keçirəcəyik. Buna görə yoldaşlıq oyununda da gücümüzü sınaya bilmədik. Çalışacağıq ki, bu qısa müddətdə oyunçulara istədiklərimizi aşılayaq.
Rəqibimiz Yunanıstanla son 2 ildə 3 dəfə qarşılaşmışıq və onları məğlub etmişik. Yunanıstan yığması üçün mübarizə artıq başa çatıb. Onlar qrupda keçirdikləri 3 oyunun hamısında məğlub olublar. Yəqin ki, çalışacaqlar son görüşdə xal qazansınlar. Biz isə Yunanıstanla yanaşı, Polşa ilə duel üçün də hazırlığımızı davam etdiririk.
Fineonun yüngül zədəsi var. Amir Şocaei isə son matçda zədələnib. O, komandanın sıralarına qoşulmayıb. Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək. Digər oyunçularımız tam sağlamdır.
Azərbaycan – Yunanıstan oyunu ilə bağlı proqnoza gəldikdə, qələbə qazanmaq şansımızı 70 faizə bərabər hesab edirəm”.
Rövşən Hüseynli: “Meydana qələbə üçün çıxacağıq. Polşa ilə səfər oyunöncəsi 3 xal bizim üçün vacibdir. Yunanıstan millisinin növbəti mərhələyə çıxmaq üçün heç bir şansının olmaması bizi arxayınlaşdırmayacaq. Çünki asan oyun və rəqib yoxdur. Bu oyun həm də reytinq xalına təsir edəcək. Ona görə qələbədən başqa heç nə haqda düşünmürük.
Klubumda qollar vururam. O da baş məşqçinin taktiki tapşırıqlarından irəli gəlir. Əgər millidə də baş məşqçimiz bu taktiki gedişdən istifadə etmək istəsə və meydanda olan vaxt belə göstəriş verərsə, əlimdən gələni etməyə hazıram”.
Sonda onu da xatırladaq ki, Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Zədəli olduğuna görə Amir Şocaei heyətdən çıxarılıb.
Azərbaycan millisi martın 3-də Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək oyuna saat 20:00-da start veriləcək.


