Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 21-ci tur çərçivəsində “Sanat Naft”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılıblar – 3:1. Reza Əsədinin 14 və 19-cu dəqiqələrdə vurduğu qollarla böyük üstünlük əldə edən təbrizlilər 75-i dəqiqədə hesabı darmadağın həddinə çatdırıblar. Bu dəfə Mehdi Haşeminecad fərqlənib. 87-ci dəqiqədə meydan sahibləri buraxılan toplardan birinin əvəzini çıxsalar da, bundan artığına gücləri çatmayıb.
21 turdan sonra 36 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını martın 5-də doğma meydanda “Persepolis” komandasına qarşı keçirəcək.


