Futbol üzrə Mərakeş milli komandasının hücumçusu Ayub Əl-Kaabi Türkiyənin “Hatayspor” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 29 yaşlı forvard Super Liqa təmsilçisini Qətərin “Əl-Sədd” klubuna dəyişib.
Bu barədə Qətər klubunun rəsmi saytı məlumat yayıb. Mərakeşli hücumçu yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb.
Ayub Əl-Kaabi 2021-ci ilin avqust ayından “Hatayspor”un uğurları üçün çalışırdı. O, Super Liqa təmsilçisində 55 oyuna 26 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Lakin fevralın əvvəlində qardaş ölkədəki dəhşətli zəlzələdən sonra Hatay təmsilçisinin Super Liqada çıxışını dayandırması onu da yeni klub axtarmaq məcburiyyətində qoyub.
Əl-Kaabi daha öncə “Vidad” (Kasablanka) və “Hebey” kimi klublarda da forma geyinib. O, Mərakeş milli komandasında da 36 oyuna çıxıb, 20 qol vurub.


