Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli U-23 Avropa çempionatında qazandığı gümüş medaldan danışıb. Arena.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız finalda məğlub olaraq Avropa ikincisi olub.
O, bu uğuruna belə münasibət bildirib: “Buxarestə çempion olmağa gəlmişdim. Çıxışım tam məni qane etmədi. İkinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq. İlk 3 görüşdə rahat qələbə qazandım. Finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. Çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam”.
Xatırladaq ki, Xasay Həsənli ötən il analoji yarışın qalibi olmuşdu. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatına da uğurlu start verən pəhləvanımız əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlmişdi. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) də güclü olan Həsənli finala yüksəlmişdi. O, finalda moldovalı Aleksandrin Qutuya 3:6 hesabı ilə uduzaraq ikinci yerlə kifayətlənməli olub.
Qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə yollanan yunan-Roma güləşi üzrə millimizin daha 3 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl medal qazanıblar.
Toplamda 123 xal toplayan Azərbaycan yığması komanda hesabında 4-cü yeri tutub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.
Millimiz bu yarışda iki rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.


