Elmir Əliyev: “Çəkimi dəyişdiyim üçün çətinlik çəkdim”

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü Elmir Əliyev U-23 Avropa çempionatında qazandığı qızıl medaldan danışıb. Arena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bu uğuruna belə münasibət bildirib:

“Yarışa tam hazır idim. Yaxşı təlim-məşq toplanışı keçmişdik. İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi. Çox güclü rəqib idi. 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim. Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq. Ona görə də mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum.

İlk dəfə Azərbaycan çempionatında 60 kq-da çıxış etdim. Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim. Şükürlər olsun, çətin olsa da, qələbə qazandım”.

Xatırladaq ki, AÇ-də mübarizəyə 1/4 finaldan qoşulan Elmir Əliyev (60 kq) türkiyəli Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb – 6:5. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib – 7:1. Elmir finalda israilli Melkamu Fetene ilə qarşılaşıb və rəqibinə 5:3 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə yollanan yunan-Roma güləşi üzrə millimizin daha 3 üzvü fəxri kürsüyə qalxıb. Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) də qızıl medal qazanıblar. Xasay Həsənli (77 kq) isə gümüş medalla kifayətlənib.

Toplamda 123 xal toplayan Azərbaycan yığması komanda hesabında 4-cü yeri tutub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.

Millimiz bu yarışda iki rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: