“Sevilya” Xorxe Sampaoli ilə vidalaşdı – Yeni baş məşqçi açıqlandı

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Sevilya” klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Argentinadan olan 63 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Xorxe Sampaoli 2022-ci ilin oktyabr ayında “Sevilya”nın baş məşqçisi təyin olunmuşdu. Həmin vaxt argentinalı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanmışdı. Amma o, heç bu mövsümü başa vurmamış istefaya göndərilib. İstefaya komandanın o qədər də uğurlu mövsüm keçirməməsi səbəb olub. Belə ki, “Sevilya” bu mövsüm La Liqada keçirdiyi 26 oyundan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Komanda Sampaolinin rəhbərliyi altında bütövlükdə 31 oyun keçirib, 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətə imza atıb.

Sampaoli daha öncə də “Sevilya”nın baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2016-cı ilin iyunundan 2017-ci ilin mayına qədər çalışdırdığı La Liqa təmsilçisini 53 matça çıxarıb. Əndəlusiya təmsilçisi bu görüşlərdə 27 qələbə qazanıb, 12 heç-heçə edib, 14 məğlubiyyətlə üzləşib. Argentinalı məşqçi karyerası ərzində “Atlletiko Mineyro”, “Olimpik” (Marsel), “Santos”, “Universidad de Çili”, “Emelek” kimi klublara, Çili və Argentina yığmalarına da rəhbərlik edib.

Artıq “Sevilya”nın yeni baş məşqçisi də məlumdur. Klub rəhbərliyi Sampaolini Xose Luis Mendilibar ilə əvəz edib. İspaniyadan olan 62 yaşlı mütəxəssislə müqavilə 2023-cü ilin 30 iyununa kimi nəzərdə tutulub.

Xose Luis Mendilibar son olaraq İspaniyanin “Alaves” komandasının baş məşqçisi olub. O, 2021-ci ilin dekabrından rəhbərlik etdiyi bu klubdan 2022-nin aprelində ayrılmışdı. Təcrübəli mütəxəssis “Eybar”, “Levante”, “Osasuna”, “Valyadolid”, “Atletik” (Bilbao) kimi klublarda da çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: