Bu gün Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasındakı xeyriyyə oyununu Azərbaycan prezidenti İlham Əliyev də izləyib. Arena.az xəbər verir ki, ölkə başçısı Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmaya birinci xanım Mehriban Əliyeva ilə birgə təşrif buyurub.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində Türkiyə təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica hesabı bərabərləşdirib. “Qalatasaray” matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, “Qarabağ” – “Qalatasaray” xeyriyyə matçı Türkiyə nəhənginin qələbəsi ilə başa çatıb – 2:1.
Matçdan sonra “Qalatasaray” klubunun prezidenti Dursun Özbək Azərbaycan prezidenti İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.
Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqdan xəbər verirdi. Bu, həm də Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.
Sonda onu da xatırladaq ki, Azərbaycan və Türkiyənin iki aparıcı klubu tezliklə daha bir yoldaşlıq matçı keçirməyi planlaşdırır. Bu iki klubun rəhbərliyi növbəti belə matçın İstanbulda təşkil olunması ilə bağlı razılığa gəliblər.



















