Fransanın “Nant” klubunun əlcəzairli sol cinah müdafiəçisi Jauen Hadjam oruc tutduğu üçün əsas komandadan kənarlaşdırılıb. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuare 20 yaşlı futbolçudan oyun günü oruc tutmamasını tələb edib.
Lakin Əlcəzairdən olan müdafiəçi baş məşqçinin bu tələbinə məhəl qoymayıb. Bu üzdən baş məşqçi onu heyətdən kənarlaşdırıb. Hadisə Liqa 1-in 29-cu turu çərçivəsində baş tutan “Reyms”lə oyundan əvvəl baş verib.
“Nant” – “Reyms” matçı aprelin 2-də keçirilib. Qarşılaşma nantlıların doğma meydanda 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qarşılaşmadan sonra bu məsələyə də toxunan Antuan Kombuare Hadjamı komandadan kənarlaşdırmasına belə münasibət bildirib: “Həftə ərzində oruc tutan oyunçularda bir sıxıntı yoxdur. Lazım gəlsə, onları dəstəkləməyə hazıram. Asan bir zaman olmadığını bilirik. Amma matç günündə oruc tutmamalısan. Mənim komandamda matç günü oruc tutan biri meydana çıxa bilməz. Komandamdakı digər oyunçular “Reyms”lə oyun günü oruc tutmamağa razı oldular. Yalnız Hadjam bu istəyimizi rədd etdi”.
Antuan Kombuarenin bu davranışı heç də birmənalı qarşılanmayıb. Fransada, eləcə də dünyanın digər ölkələrində çıxış edən müsəlman futbolçular, həmçinin azarkeşlər onun bu hərəkətinə sərt etiraz ediblər.
Xatırladaq ki, bir müddət öncə Fransa Futbol Federasiyası da oruc tutan futbolçuların iftarını açmasına görə çempionat oyunlarında qısa fasilələrin yaranmasına icazə verilməyəcəyini bəyan etmişdi. Federasiyanın bu qərarı da böyük etirazlarla qarşılanmışdı.
Sonda onu da bildirək ki, Jauen Hadjam daha öncə PSJ və “Paris” klublarının aşağı yaş qrupları üzrə komandalarında oynayıb. O, bu ilin yanvar ayında 300 min avro qarşılığında “Paris”dən “Nant”a transfer olunub. Gənc müdafiəçi bu klubun əsas komandasında 11 oyuna çıxıb, 1 məhsuldar öürmə müəllifi olub.


