Artur Masuaku “Beşiktaş”da qaldı – 2 milyon avroluq transfer!

Futbol üzrə Konqo milli komandasının sol cinah müdafiəçisi Artur Masuaku Türkiyənin “Beşiktaş” klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Vest Hem” klubundan icarəyə götürdüyü bu futbolçunun transfer hüquqlarını da alıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu mövsümün əvvəlində bir illik icarəyə götürülmüş 29 yaşlı futbolçunun transfer hüquqları da alınıb. Türkiyə klubu bunun üçün “Vest Hem”ə 2 milyon avro ödəyib. Konqolu oyunçu ilə 2023/24 mövsümünün əvvəlindən qüvvəyə minəcək yeni 2+1 illik müqavilə imzalanıb. Bu mövsümün sonuna kimi isə o, icarə əsasında oynamağa davam edəcək.

Xatırladaq ki, Konqo Demokratik Respublikasından olan Artur Masuaku, 2016-cı ildən “Vest Hem”də çıxış edirdi. Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında çıxış etməyi bacaran futbolçu, İngiltərə klubunda 129 oyun keçirib, 2 qol vurub. O, daha öncə “Valensyen” və “Olimpiakos”un da uğurları üçün çalışıb. Ölkəsinin milli komandasında 13 oyun keçirmiş futbolçu, 2 qola imza atıb.

Masuaku bu mövsüm “Beşiktaş”ın heyətində 27 oyuna çıxıb. Müdafiəçi bu görüşlərdə 2 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Beşiktaş”ın bu mövsümün əvvəlində İngiltərənin digər klubu “Everton”dan icarəyə götürdüyü Dele Allinin mövsümü erkən başa vurduğu təsdiqlənib. İngiltərə millisinin də üzvü olan 27 yaşlı futblçu əməliyyat olunduğunu və bu mövsüm bir daha oyuna çıxmayacağını açıqlayıb.

Xatırladaq ki, müqavilə ilə “Everton”a məxsus olan Dele Alli “Beşiktaş”a 2022-ci ilin avqustunda icarə əsasında keçmişdi. 26 yaşlı yarımmüdafiəçi bu komandada 15 oyuna çıxıb və 3 qola imza atıb. O, ölkəsində “Everton”dan başqa “Tottenhem” və “Milton Kins Dons”un da formasını geyinib. Yarımmüdafiəçi İngiltərə millisində də 37 oyuna 3 qol vurub. O, bu mövsüm başa çatan kimi “Everton”a qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: