Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 33-cü turu çərçivəsində baş tutan “Alemanniya” (Aahen) ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 12 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 48 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


