“Yuventus” yenidən cəzalandı: Bu dəfə 10 xalı silindi

İtaliyanın “Yuventus” klubu oyunçularının qiymətini süni surətdə qaldırdığı üçün növbəti dəfə sərt şəkildə cəzalandırılıb. Arena.az xəbər verir ki, Turin təmsilçisinin İtaliya A Seriyasındakı hesabından 10 xal silinib. Müvafiq hökmü federal apellyasiya məhkəməsi çıxarıb.

Xatırladaq ki, məhkəmə klubun qalmaqallı kapital artımı səbəbi ilə yanvar ayında “Yuventus”u 15 xaldan məhrum etmişdi. Ancaq klubun apellyasiya müraciətindən sonra həmin xallar bərpa edilmişdi. Federal apellyasiya məhkəməsinin işə yenidən baxması isə Turin klubuna 10 xal cəza kəsilməsi ilə yekunlaşıb.

Bununla da Massimiliano Alleqrinin komandası növbəti mövsümdə avrokuboklarda iştirakdan məhrum olmaq təhlükəsi ilə üzləşib. “Qoca sinyora” Avropa Liqası və ya Avropa Konfrans Liqasında iştirak şansları nəzəri olaraq saxlayır. Ancaq bunun üçün “byankoneri” A Seriyasının son iki turunda “Milan” və “Udineze”yə qarşı keçiriləcək oyunlarda mütləq nəticə əldə etməlidir.

Apellyasiya məhkəməsinin hökmü kluba baha başa otursa da, prosesdə adı hallanan klub rəsmilərindən bəziləri sudan quru çıxa biliblər. Klubun altı keçmiş direktoru – Pavel Nedved, Paolo Qarimberti, Assia Qratsioli Venyer, Keytlin Meri Hyuz, Daniela Marilunqo, Françesko Ronkalyo və Enriko Vellano əvvəlki ittihamlar üzrə bəraət alıblar.

Beləliklə, hazırda İtaliya A Seriyasında 36 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

  1. Napoli – 86 xal
  2. Latsio – 68 xal
  3. İnter – 66 xal
  4. Milan – 64 xal
  5. Atalanta – 61 xal
  6. Roma – 60 xal
  7. Yuventus – 59 xal
  8. Montsa – 52 xal
  9. Bolonya – 50 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: