PSJ braziliyalı ulduz hücumçusu Neymarın Liqa 1-də komandanın çempionluq oyununda iştirak etməmək qərarından narazı qalıb.
Arena.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “L’Equipe” dərgisi məlumat yayıb.
Bildirilir ki, Neymarın PSJ-nin “Strasburq”a qarşı keçirdiyi oyuna (1:1) getməməsi, əvəzində Monakodakı Formula-1 üzrə nümayiş tədbirinə yollanması klub rəhbərliyi tərəfindən təxribat kimi qiymətləndirilib.
Bir müddət əvvəl KİV-də ulduz futbolçunun yay transfer pəncərəsində Parisi böyük ehtimalla tərk edəcəyi haqda xəbərlər yayılmışdı.
Neymar PSJ-də 2017-ci ildən çıxış edir. Ulduz hücumçunun klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. Cari mövsümdə Neymar bu komandanın heyətində 29 oyunda meydana çıxaraq 18 qol vurub, 17 məhsuldar ötürmə edib.


