Məşhur ingilis jurnalist və teleaparıcı Pirs Morqan “Mançester Siti”nin Çempionlar Liqasında qazandığı qələbəyə münasibətini bildirib.
Arena.az xəbər verir ki, Londonun “Arsenal” klubunun qızğın azarkeşi olan Morqan “Twitter” hesabında “şəhərlilər”in ÇL zəfəri və “trebl”ə imza atması ilə bağlı bunları qeyd edib:
“Yalnız bir Britaniya futbol komandası nə vaxtsa əsl ölməzliyə nail olub – 2003/2004 mövsümünün məğlubedilməz “Arsenal”ı.
“Trebl”lər – bu, o qədər adi təzahürdür ki, Mançesterdən olan hər iki komanda buna nail olub.
“Mançester Siti” haçansa Premyer Liqa mövsümünü məğlubiyyətsiz keçə bilsə, mənə qayıdın”.
Xatırladaq ki, hazırda ABŞ-da çalışan Pirs Morqan uzun illər “Britain’s Got Talent” və “America’s Got Talent” televiziya layihələrində münsif olub. 2014-2021-ci illərdə Süzanna Ridlə birlikdə “Good Morning Britain” verilişinin əsas aparıcısı olub. Morqan Böyük Britaniyada “The Sun”, “News of the World” və “The Daily Mirror” nəşrlərində jurnalist və redaktor kimi çalışıb. O, səkkiz kitab, o cümlədən üç cildlik memuarın müəllifidir.
Pirs Morqan London “Arsenal”ının qızğın azarkeşi olsa da, 2015-ci ildən klubu fəal şəkildə tənqid etməsi ilə diqqət çəkir.
Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. “Şəhərlilər” bu qələbəsi ilə həm də “trebl”ini rəsmiləşdirib. Klub Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb.


