Denzel Dumfris: “Bəxtimiz gətirmədi”

İnter”in müdafiəçisi Denzel Dumfris Çempionlar Liqasının finalında “Mançester Siti”yə məğlubiyyətdən (0:1) sonra fikirlərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Niderlanddan olan sağ cinah oyunçusu həlledici oyundakı uğursuzluqla bağlı bunları söyləyib:

“İnter”də oynayanda həmişə qalib gəlmək üçün oynayırsan. Amma mən hesab edirəm ki, biz başıaşağı olmamalıyıq. Mən komanda ilə fəxr edirəm. Təəssüf ki, qalib gəlmədik. Bu, finaldır, biz son fitə qədər mübarizə apardıq. Bəxtimiz gətirmədi – qol vurmadıq. Amma bu oyuna necə hazırlaşdığımızla fəxr edirəm. Biz qalib gəlmədik, amma bütüm gücümüzü ortaya qoyduq.

İndi danışmaq çətindir. “Skudetto”nu qazanmadıq, bu finalda məğlub olduq. Biz yaxşı mövsüm keçirdik, amma indi təhlil vermək çətindir”.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının finalı çərçivəsində keçirilmiş oyunda İstanbulun “Atatürk Olimpiya Stadionu”nda “İnter” üzərində minimal hesablı qələbə qazanaraq (1:0) “trebl”ini rəsmiləşdirib: “şəhərlilər” mövsümü Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanmaqla başa vurublar.

Xəbəri sosial şəbəkələrdə paylaş: