Luka Valdşmidt Bundesliqada klubunu dəyişdi

Futbol üzrə Almaniya milli komandasının hücumçusu Luka Valdşmidt yeni mövsümü Bundesliqanın digər təmsilçisi “Köln”də keçirəcək.

Arena.az xəbər verir ki, “Köln” müqavilə ilə “Volfsburq”a məxsus olan 27 yaşlı forvardı bir mövsümlük icarəyə götürüb.

O, 2024-cü ilin 30 iyununa kimi kölnlülərin uğurları üçün çalışacaq.

Luka Valdşmidt “Volfsburq”a 2021-ci ilin avqustunda Portuqaliya “Benfika”sından 12 milyon avro qarşılığında keçib. Alman hücumçu bu komandada 37 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Frayburq”, “Benfika”, “Hamburq” və “Ayntraxt” kimi klubların da formasını geyinib. Hücumçu Almaniya milli komandasında da 7 oyuna çıxıb, 2 qola imza atıb.

“Köln” Tunisdən olan yarımmüdafiəçisi Elyes Skhiri (28 yaş, 2019-2023, 133 oyun, 20 qol, 8 assist) və İsveçdən olan hücumçusu Sebastyan Anderssonla (31 yaş, 2020-2023, 47 oyun, 8 qol, 2 assist) da yollarını ayırıb. Yerli futbolçulardan isə qapıçı Timo Horn (30 yaş, 2011-2023, 329 oyun) və sol cinah müdafiəçisi Yonas Hektor (33 yaş, 2012-2023, 347 oyun, 23 qol, 29 assist) komandanı tərk ediblər.

“Köln” Slovakiyadan olan hücumçusu Andrey Dudanı da İtaliyanın “Verona” klubuna satıb – 2.5 milyon avroya. Bundesliqa təmsilçisi 28 yaşlı oyunçunu bu ilin yanvarında İtaliya klubuna icarəyə vermişdi. “Verona” çıxışından razı qaldığı bu oyunçunu heyətdə saxlamağa qərar verib və onun transfer hüquqlarını alıb. Duda “Verona”da 15 oyun keçirib. Onun 2020-ci ildən oynadığı “Köln” karyerası isə 88 oyun, 11 qol və 9 assistdən ibarətdir. Slovakiya millisində 63 oyuna 10 qol vurmuş futbolçu “Legiya” (Varşava), “Herta”, “Koşitse”, “Norviç Siti” kimi klublarda da oynayıb.

Yeri gəlmişkən, Dudanı heyətinə qatan “Verona” “Cenoa”dan icarəyə götürdüyü yarımmüdafiəçi Yaya Kallonun da transfer hüquqlarını alıb. 21 yaşlı sağ cinah vingerinin transferi üçün də 2,8 milyon avro ödənilib. O, 2022-ci ilin avqustundan formasını geyindiyi “Verona”da 22 oyuna 1 qol və 1 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: