“Qarabağ”ın ilk rəqibi bəlli oldu – Polşa klubu ilə qarşılaşacaq

2023/2024 mövsümünə Avstriyada hazırlaşacaq Azərbaycan çempionu “Qarabağ”ın bu ölkədəki rəqiblərindən biri müəyyənləşib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi burada Polşanın “Legiya” komandası ilə qarşılaşacaq.

Bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb. Qarşılaşma iyulun 1-də baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, “Legiya” Polşa çempionatında ötən mövsümü 66 xalla ikinci pillədə başa vurub. Azərbaycanlı futbolçu Mahir Emrelinin sabiq komandası çempion “Rakuv”dan 9 xal geri qalıb. “Qarabağ”da isə “Legiya”nın sabiq futbolçusu Marko Veşoviç çıxış edir.

Xatırladaq ki, “Qarabağ” Avstriyaya iyunun 22-də yollanacaq. Qurban Qurbanovun komandası yeni mövsümün hazırlığına iyunun 11-dən başlayıb. Hazırlığın ilk mərhələsi Bakıda baş tutacaq. Komandanın Avstriya toplanışındakı rəqibləri və hazırlıq prosesinin müddəti barədə daha sonra məlumat veriləcəyi bildirilib.

Ağdam klubunu qarşıda UEFA Çempionlar Liqasında mübarizə gözləyir. Komandamız ÇL-də mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin ilk oyunları 11-12, cavab görüşləri isə 18-19 iyulda keçiriləcək. Azərbaycan çempionunun rəqii iyunun 20-də atılacaq püşkdə müəyyənləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: