İspaniya La Liqasında mübarizə aparan “Valensiya” komandasının baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddəti artırılıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 47 yaşlı mütəxəssislə 2 illik (2025-ci ilin 30 iyununa kimi) yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ayın sonunda başa çatırdı.
Xatırladaq ki, Ruben Baraxa “Valensiya”ya bu ilin fevral ayında baş məşqçi təyin olunmuşdu. İspan mütəxəssis bu komandanı cəmi 17 oyuna çıxarıb – 6 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət. “Valensiya” La Liqada geridə qalmış mövsümü 42 xalla 16-cı pillədə başa vurub.
Baraxa futbolçu karyerası dövründə də 10 il (2000-2010) “Valensiya”nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü “Saraqosa”, “Tenerife”, “Sportinq” (Xixon), “Rayo Valyekano” və “Elçe”də də baş məşqçi kimi çalışıb.


