Geridə qalan mövsüm bitən kimi “Liverpul”dan azad agent qismində ayrılan Ceyms Milner Premyer Liqanın digər təmsilçisi “Brayton”a keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
37 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Ceyms Milner 2015-ci ildə “Mançester Siti”dən azad agent kimi ayrılaraq “Liverpul”a üz tutmuşdu. İngilis yarımmüdafiəçi bu komandada 332 matç keçirib, 26 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb. 37 yaşlı oyunçu “Mançester Siti” (203 oyun, 19 qol, 44 asist), “Nyukasl” (136 oyun, 11 qol, 19 asist), “Aston Villa” (126 oyun, 22 qol, 26 asist), “Lids” (53 oyun, 5 qol, 1 asist), “Suindon Taun” (6 oyun, 2 qol) kimi klubların da uğurları üçün çalışıb. O, İngiltərə millisində 61 oyuna çıxıb, 1 qol vurub.
Milneri transfer edən “Brayton” müdafiəçisi Heydon Robertslə də vidalaşdığını açıqlayıb. İngiltərədən olan 21 yaşlı mərkəz müdafiəçisi azad agent kimi “Bristol Siti”yə keçib. Onun Premyer Liqa təmsilçisi ilə sözləşməsi bu ayın sonunda bitirdi. Heydon “Brayton”da cəmi 6 oyuna çıxıb və 1 qol vurub.
Ceyms Milnerin əvvəlki klubu “Liverpul” isə müdafiəçisi Kalvin Remzi ilə Harvi Devisi icarəyə göndərib. Sözügedən klub Remzinin növbəti mövsümü “Preston Nort End”də, Devisin isə “Kru Alkesandra”da icarədə keçirəcəyini açıqlayıb. 19 yaşlı futbolçular növbəti mövsümün yekununda yenidən “Liverpul”a qayıdacaqlar.


