Madrid “Real”ının İtaliyadan olan baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyinin ona münasibətindən narazıdır.
Arena.az “Relevo”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis transfer məsələlərində klubun onun fikrini nəzərə almamasından narazı qalıb.
Ançelottinin sözlərinə görə, “Real” rəhbərliyi heyəti gücləndirmək üçün verdiyi bəzi vədləri yerinə yetirməyib.
Vurğulanır ki, mütəxəssis Braziliya millisinin marağına baxmayaraq, qarşıdakı mövsümdə də “qaymaqlılar”ı çalışdırmaq niyyətindədir.
Karlo Ançelotti 2021-ci ilin yayından “Real”ı çalışdırır. İtalyan mütəxəssi “Everton”dan ayrıldıqdan sonra Madrid klubunda işə qayıdıb.
Artıq geridə qalmış 2022/2023 mövsümünün nəticələrinə əsasən, “Real” Ançelottinin rəhbərliyi altında İspaniya Kubokunu, Klublararası Dünya Çempionatını qazansa da, İspaniya Super Kuboku uğrunda oyunda əzəli rəqibi “Barselona”ya məğlub olub. Eləcə də, Ançelotti La Liqada Kataloniya klubuna mübarizəni uduzaraq “gümüş”lə kifayətlənib. UEFA Çempionlar Liqasında isə Xosep Qvardiolanın “Mançester Siti”si Ançelottinin çalışdırdığı “Real”ı turnirin yarımfinal mərhələsində ümumi hesabda 5:1 məğlub edib (1:1, 0:4).


