Lvovun Şevçenkovski Rayon Məhkəməsinin istintaq hakimi Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko barədə qərarını dəyişib.
Arena.az “FootballHub”a istinadən xəbər verir ki, hakim Pavelkonun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorun vəsatətini təmin edib.
Həbs-qətimkan tədbirinin 60 gün müddətinə – avqustun 14-ü daxil olmaqla həbslə dəyişdirilməsinə qərar verilib.
Bundan əlavə, “UAF Marketing” tərəfindən 2022-ci ilin noyabrında Pavelko üçün verilmiş 9,88 milyon qriven məbləğində girov dövlətə köçürülür. Qərar dərhal icra edilməlidir.
Həbs təqsirləndirilən şəxslərin azadlığı məhdudlaşdıran müəssisələrə yerləşdirilməsi yolu ilə məcburi təcrid üsuludur.
Xatırladaq ki, Andrey Pavelko 2022-ci ilin noyabrında saxlanılıb. UAF rəhbəri “süni ot zavodunun tikintisi üçün nəzərdə tutulmuş beynəlxalq yardım fondlarından sui-istifadə etmə”də ittiham olunur. Cinayət işi 2021-ci ildən araşdırılır.


