Rubi getdi, Visente Moreno yeni baş məşqçi oldu

İspaniya La Liqasında uğursuz bir mövsümü geridə qoyan “Almeriya”da baş məşqçi Rubi istefaya göndərilib, onu Visente Moreno əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə elita klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Almeriya” başa çatan 2022/2023 mövsümünü 20 komanda arasında 17-ci pillədə başa vurub. Elitanı tərk etmək təhlükəsiylə üzləşən komanda vəzifəsinin öhdəsindən çətinliklə gəlib. Bu üzdən də komandanın baş məşqçisi Rubi ilə müddəti bu ayın sonunda bitən müqavilə yenilənməyib. Klub 53 yaşlı ispan mütəxəssisə indiyə qədər göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Tam adı Xoan Fransesk Ferrer Siçiliya olan “Rubi” ləqəbli mütəxəssis 2021-ci ilin aprelindən “Almeriya”ya rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 92 oyuna çıxarıb – 40 qələbə, 20 heç-heçə və 32 məğlubiyyət. Rubo “Almeriya”dan öncə “Betis”, “Espanyol”, “Sportinq” (Xixon), “Levante”, “Valyadolid”də də baş məşqçi kimi çalışıb.

Artıq “Almeriya”nın yeni baş məşqçisi də məlumdur. Klub rəhbərliyi bu posta digər ispaniyalı mütəxəssis Visente Morenonu gətirib. 48 yaşlı məşqçi ilə 1 mövsümlük müqavilə imzalandığı diqqətə çatdırılıb.

Visente Moreno son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda baş məşqçi olub. Onun da bu klubla müqaviləsi bu ayın sonunda bitirdi. Sözügedən komanda Morenonun rəhbərliyi altında 37 oyuna çıxıb ki, bu matçlarda 20 qələbə, 7 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb. Moreno daha öncə “Espanyol”, “Malyorka”, “Ximnastik” və “Xeres”də də çalışıb.

Yeri gəlmişkən, “Almeriya” iki futbolçusu ilə də yollarını ayırdığını açıqlayıb. Söhbət yarımmüdafiəçilər Fransisko Portilyo ilə Sezar de la Hosdan gedir. İspaniyadan olan futbolçuların klubla müqavilələrinin müddəti bitdiyi üçün ayrılmaq məcburiyyətində qalıblar.

Fransisko Portilyo 2021-ci ilin yayından formasını geyindiyi “Almeriya”da 68 oyuna 5 qol vurub, 9 assist edib. 33 yaşlı futbolçu “Xetafe”, “Malaqa” və “Betis” də də oynayıb.

31 yaşlı Sezar de la Hos isə 2018-ci ildən “Almeriya”da idi. O, bu komandada 171 oyunda 4 qol və 3 assist müəllifi olub. Futbolçu daha öncə “Betis”, “Albasete”, “Rasinq” kimi klublarda da oynayıb.