İspaniya nəhəngi “Real”ın fransız yarımmüdafiəçisi Orelyen Tçuameni hələ də “Liverpul”un maraq dairəsindədir.
Arena.az “El Nacional”a istinadən xəbər verir ki, “qırmızılar” 23 yaşlı yarımmüdafiəçi üçün 63 milyon avro təklif edirlər.
Bu xüsusda madridlilərin iştahası qibtə doğurur. “Kral klubu” 93 milyon avrodan aşağı təklifləri nəzərdən keçirmək fikrində deyil və “Liverpul”a da bu qiyməti “oxuyub”.
Orelyen Tçuameni 2022-ci ilin yayında “Real”a keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ildə başa çatacaq.
2022/2023 mövsümündə Tçuameni “qaymaqlılar”ın heyətində 50 oyuna çıxıb, 4 məhsuldar ötürmə edib, komandası ilə İspaniya Kubokunu qazanıb.
Daha əvvəl “Real”ın baş məşqçisi Karlo Ançelottinin 23 yaşlı futbolçu ilə ayrılmaq istəmədiyi bildirilirdi. Tçuameninin özü hazırda “Real”dakı karyerasından razıdır. Buna rəğmən, “Real”ın bu yaxınlarda Cud Bellingemi transfer etməsi, həmçinin Luka Modriçlə müqaviləsini yeniləməsi Tçuameninin komandadakı mövqeyinə təsir göstərə bilər.
“Transfermarkt” intenet-portalı Orelyen Tçuamenini 85 milyon avro məbləğində qiymətləndirir.


