40 yaşlı Klaudio Bravo ilə yeni müqavilə imzaladılar

İspaniyanın “Betis” klubu qapıçısı Klaudio Bravo və yarımmüdafiəçisi Andres Quardado ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, Sevilya təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Əvvəlki sözləşməsinin müddəti bu ayın sonunda bitməli olan hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Bir sözlə, təcrübəli oyunçular 2023/2024 mövsümündə də bu komandada çıxış edəcəklər.

Klaudio Bravo 2020-ci ildən “Betis”də çıxış edir. 40 yaşlı qolkiper La Liqa təmsilçisində indiyə qədər 65 oyuna çıxıb. O, bu oyunlarda 74 qol buraxıb, 21 matçda isə qapısını toxunulmaz saxlamağa nail olub. Çilidən olan təcrübəli qapıçı daha öncə “Real Sosyedad” (237 oyun, -301 qol), “Barselona” (75 oyun, -44 qol), “Mançester Siti” (61 oyun, -60 qol) və “Kolo Kolo” (10 oyun, -22 qol) kimi klubların da formasını geyinib. O, Çili milli komandasında da 144 oyun keçirib.

Andres Quardado isə 2017-ci ildən “Betis”in uğurları üçün çalışır. 36 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi 199 oyunda 5 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Deportivo” (149 oyun, 25 qol, 31 assist), PSV (102 oyun, 4 qol, 22 assist), “Valensiya” (66 oyun, 1 qol, 7 assist), “Atlas” (62 oyun, 6 qol, 5 assist) və “Bayer”də (7 oyun) də forma geyinib. Quardado isə Meksika yığmasının sabiq üzvüdür. O, millidə 181 oyun keçirib, 28 qol vurub.

Viktor Ruisə ehtiyac duyulmadı

“Betis” mərkəz müdafiəçisi Vitkor Ruislə də yollarını ayırdığını açıqlayıb. Müqaviləsinin müddəti bu ay bitən 34 yaşlı ispana yeni sözləşmə təklif olunmayıb. O, 2020-ci ildə Türkiyənin “Beşiktaş” klubundan 2,5 milyon avro qarşılığında üz tutduğu “Betis”də 68 oyun keçirib, 2 qol və 1 assistlə yadda qalıb. Təcrübəli müdafiəçi “Vilyarreal” (190 oyun, 3 qol, 4 assist), “Valensiya” (89 oyun, 3 qol, 3 assist), “Espanyol” (40 oyun, 2 qol), “Beşiktaş” (26 oyun, 1 assist) və “Napoli”də (7 oyun) də çıxış edib. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçuya əsas komandada debüt etmək nəsib olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: