Futbol üzrə Fransa milli komandasının hücumçusu Kilian Mbappenin transferi ilə əlaqədar “Real” və PSJ arasında razılaşma yoxdur.
Arena.az xəbər verir ki, bu barədə COPE dərgisi məlumat yayıb.
Jurnalist Melçor Ruis “PSG Community” dərgisinin klubların 200 milyon avro və üstəlik 50 milyon avroya qədər bonuslar qarşılığında Mbappenin bu yay “Real”a keçəcəyi barədə razılığını əks etdirən məlumatını təkzib edib. Melçor Ruisin sözlərinə görə, “Real” hadisələrin inkişafını gözləyir və bu məbləğdə pul ödəmək niyyətində deyil.
COPE dərgisinin digər jurnalisti Pedro Morata da heç bir razılaşmanın olmadığını iddia edir:
“İdman şöbəsində heç bir razılaşma yoxdur. PSJ-də üç səviyyəli səlahiyyət orqanı var, idman idarəçiliyi səviyyəsində də razılıq yoxdur”, deyə Morata bildirib.
Pedro Morata əlavə edib ki, PSJ Mbappeni satmaq istəyindədir. Futbolçunun müqaviləni yeniləməkdən imtinası ilə üzləşən PSJ rəhbərliyi 150-200 milyon avroluq təklifi qəbul edə bilər.
Xatırladaq ki, daha əvvəl PSJ ilə “Real”ın 50 milyonu bonuslar olmaq şərtilə 250 milyon avro qarşılığında Mbappenin transferi məsələsində razılığa gəldiyi haqda məlumat yayılmışdı.


