Futbol üzrə Türkiyə millisinin sabiq müdafiəçisi Sərvət Çətin Super Liqada mübarizə aparan “Sivasspor”un baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Sivas klubunun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Yeni baş məşqçi üçün iyulun 3-də rəsmi təqdimat mərasimi təşkil ediləcəyi açıqlanıb.
Xatırladaq ki, bu, Sərvət Çətinin baş məşqçi kimi ilk təcrübəsi olacaq. O, son dörd ildə Sivas klubunda Rıza Çalımbayın köməkçisi kimi fəaliyyət göstərib. Keçmiş müdafiəçi bundan öncə “Konyaspor” və “Trabzonspor”da da Çalımbayla birgə çalışmışdı.
Sərvət Çətin futbolçu karyerası dönəmində də “Sivasspor”un uğurları üçün çalışıb. O, 2006/2007 mövsümündə bu komandada 33 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. Çətinin formasını geyindiyi klublar arasında “Qalatasaray”, “Fənərbaxça”, “Əskişəhərspor”, “Mersin Talimyurdu”, “Dənizlispor”, “Göztəpə” və “Kartalspor” da var. O, vaxtilə Türkiyə millisində də 59 oyun keçirib, 3 qol vurub.
Onu da xatırladaq ki, son 4 ildə “Sivasspor”a rəhbərlik etmiş Rıza Çalımbay geridə qalan mövsüm bitən kimi klubdan ayrılmağa qərar verib. Uğursuz mövsüm keçirmiş Sivas təmsilçisi isə 41 xalla 14-cü yeri tutub.
“Sivasspor” dörd legioneri ilə də yollarını ayırıb. Belə ki, klubla müqaviləsinin müddəti bitən Fredrik Ulvestad, Dimitrios Qutas, Aaron Appindanqoye və Robin Yalçın Super Liqa təmsilçisini tərk ediblər.
Qabon yığmasının da üzvü olan 31 yaşlı Aaron Appindanqoye 2019-cu ildən “Sivasspor”da idi. Mərkəz müdafiəçisi bu komandada 92 oyuna 2 qol və 1 assistlə yadda qalıb.
Yunanıstan yığmasının üzvü Dimitrios Qutas 2021-ci ildən Sivas klubunda çıxış edirdi. 29 yaşlı mərkəz müdafiəçisi bu komandada 84 oyun keçirib, 5 qol və 3 assist müəllifi olub.
Norveç millisində də oynamış Fredrik Ulvestad 2021-ci ildən “Sivasspor”daydı. 31 yaşlı yarımmüdafiəçi bu komandada 61 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.
Robin Yalçın isə 2020-ci ildən “Sivasspor”un uğurları üçün çalışırdı. Almaniyadan olan 29 yaşlı dayaq yarımmüdafiəçisi Türkiyə klubunda 74 oyuna 2 qol vurub, 3 assistlə yadda qalıb.


