Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün – iyunun 27-də ilk yoxlama oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk sınaq matçında “Ferentsvaroş”la üz-üzə gələcək.
Artıq Macarıstan təmsilçisi ilə görüşün başlama saatı da məlumdur. Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyun “Leerberg Arena”da baş tutacaq.
“Ferentsvaroş” geridə qalan mövsümdə 33 oyuna 64 xal toplayaraq Macarıstan çempionu olub. Bu komandada Ağdam klubunun sabiq hücumçusu Kvabena Ovusu çıxış edir. “Ferentsvaroş” Azərbaycan çempionu üçün tanış rəqibdir. Bu komandalar ötən mövsüm UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlmişdilər. Bakıdakı oyun 1:1 hesabıyla bitmişdisə, səfərdə 3:1 qalib gələn ağdamlılar mərhələ adlayan tərəf olmuşdular.
Xatırladaq ki, “Qarabağ” Avstriyada bundan başqa daha iki sınaq matçına çıxacaq. Azərbaycan çempionu “Legiya” (Varşava, Polşa) və ÇSKA (Sofiya, Bolqarıstan) ilə üz-üzə gələcək.


