Robin Hak və Fabio Çiarodia rəsmən “Borussiya”da!

Almaniyanın “Borussiya” (Mönhenqladbah) klubu heyətini iki yeni futbolçu – Robin Hak və Fabio Çiarodia ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Robin Hak “Arminiya”dan transfer olunub. Almaniyadan olan 24 yaşlı hücumçu ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. “Borussiya” onun transferi üçün 1,1 milyon avro ödəyib.

Hak 2021-ci ilin avqustundan formasını geyindiyi “Arminiya”da 68 oyuna 11 qol və 12 assistlə yadda qalıb. O, “Nürnberq” və “Hoffenhaym”da da forma geyinib. Hücumçu Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Fabio Çiarodia isə “Verder”dən transfer olunub. Mönhenqladbah təmsilçisi onun keçidi üçün 2 milyon avro ödəyib. 18 yaşı olan İtaliya əsilli almaniyalı futbolçu ilə də 4 illik müqavilə imzalanıb.

Çiarodia “Verder”in yetirməsidir. Gənc yarımüdafiəçi bu klubun əsas komandasında 5 oyun keçirib. O, İtaliyanın U-15, U-17 və U-19 yığmalarında da forma geyinib.

Yeri gəlmişkən, “Verder” digər yarımmüdafiəçisi Oskar Şönfelderlə də yollarını ayırıb. Ötən ilin yayında “Yan Regensburq”a icarəyə verilmiş 22 yaşlı vinger sözügedən klubda qalmağa qərar verib. O, “Verder”də 11 oyuna 1 assistlə yadda qalıb. Şönfelder Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

“Verder” hücumçusu Castin Njinma ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Ötən mövsümü Dortmund “Borussiya”sında icarədə keçirmiş 22 yaşlı forvard “Verder”ə “Holştayn Kil” klubundan gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: