“Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanın Kataloniya klubuna transferi haqda danışıb.
Arena.az “Mundo Deportivo”ya istinadən Joan Laportanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“O, nüfuzlu kluba keçməyi üstün tutdu – “Mançester Siti”nin pulları arxa plana keçdi. İlkay “şəhərlilər” üçün çox uğurlu çıxış edib.
Xavi ona güvən verdi. Biz ən təcrübəli oyunçunu əldə etdik. O, həmişə böyük klubda oynamağı xəyal edib. UEFA Çempionlar Liqasının qalibi, böyük təcrübəyə malik oyunçu yanımıza gəlib”, deyə Laporta bildirib.
Xatırladaq ki, 2022/2023 mövsümü “Mançester Siti”nin kapitan sarğısını daşıyan İlkay Gündoğan üçün xüsusilə uğurlu keçib. Gündoğan geridə qalmış mövsüm ərzində “şəhərlilər”in heyətində 51 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib. O, komandası ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı İlkay Gündoğanı 20 milyon avro məbləğində qiymətləndirir.


