“Neftçi” Rusiya toplanışına start verdi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Arena.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı oteldə məskunlaşan komanda bu gün axşam məşqinə çıxıb.

Fitnes zalında fiziki təmrinlər yerinə yetirildikdən sonra hazırlıq “Smena” stadionunun meydançasında davam etdirilib.

Qeyd edək ki, “ağ-qaralar” iyulun 1-dən 15-nə qədər Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV Kuboku”nda iştirak edəcək. Azərbaycan təmsilçisi turnir çərçivəsində iyulun 1-də Rusiyanın “Zenit” komandası ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Ayın 8-də (saat 20:30) Serbiyanın “Srvena Zvezda”, 15-də (saat 15:00) isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşmalar baş tutacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: