Futbol üzrə Slovakiya milli komandasının mərkəz müdafiəçisi Milan Şkrinyar İtaliyanın “İnter” klubundan ayrılıb.
Arena.az bu barədə “İnter”in mətbuat xidmətinə istinadən məlumat verir.
Şkrinyarın “İnter”lə müqaviləsinin müddəti bu gün başa çatıb. Şkrinyar “neradzurri” ilə əməkdaşlığı yeniləməmək qərarına gəlib.
Daha əvvəl Şkrinyarın azad agent qismində PSJ-yə keçəcəyi bildirilirdi.
Milan Şkrinyar 2017-ci ildən “İnter”də çıxış edirdi. O, bu komanda ilə 5 kubok qazanıb: 1 skudetto, 2 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku.
2022/2023 mövsümündə Şkrinyar “neradzurri”nin heyətində 31 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Milan Şkrinyarın 6 illik “İnter” karyerasının ümumi nəticəsi belədir: 246 oyun, 11 qol, 5 məhsuldar ötürmə.
Şkrinyar karyerası ərzində “Jilina” (93 oyun, 13 qol, 2 assist), “Sampdoriya” (38 oyun), “ViOn” (7 oyun) kimi klublarda da forma geyinib. O, Slovakiya milli komandasında da 58 oyun keçirib, 3 qola imza atıb.
“Transfermarkt” internet-portalı Milan Şkrinyarı 50 milyon avro məbləğində qiymətləndirir.


