“Qarabağ” sabah “Legiya” ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” sabah – iyulun 1-də növbəti yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ikinci sınaq matçında Polşanın “Legiya” komandası ilə üz-üzə gələcək.

Artıq Varşava təmsilçisi ilə görüşün başlama saatı da məlumdur. Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyun “Kössen Arena”da baş tutacaq.

“Legiya” geridə qalan mövsümdə 34 oyuna 66 xal toplayaraq Polşa çempionatının gümüş medallarını qazanıb. Bu komandada vaxtilə Ağdam klubunun sabiq hücumçusu, hazırda Zaqreb “Dinamo”sunda forma geyinən azərbaycanlı futbolçu Mahir Emreli də çıxış edib.

Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınağında Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşmışdı. Həmin oyunda qalib müəyyənləşməmişdi – 3:3. Ağdam klubunu Kössendə ÇSKA (Sofiya, Bolqarıstan) ilə də yoxlama oyunu gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: