“Çelsi” 18 yaşlı iki futbolçu transfer etdi

Bu yay bir sıra aparıcı futbolçusu ilə yollarını ayıran İngiltərənin “Çelsi” klubu heyətinə iki yeni futbolçu cəlb edib.

Arena.az xəbər verir ki, London klubu “Norviç Siti”dən Aleks Matosu, “Benfika”dan da Dieqo Moreyranı transfer edib.

Bu barədə İngiltərə nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb. Hər iki futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılsa da, müddət və digər detallar açıqlanmayıb.

Buna baxmayaraq, Dieqo Moreyra ilə 5 illik müqavilə imzalandığı müəyyənləşib. O, London klubuna azad agent kimi qoşulub. Elə Aleks Matos da yeni klubunu bu baxımdan əlavə xərcə salmayıb.

Xatırladaq ki, Dieqo Moreyra Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. 18 yaşlı sol cinah vingeri bu klubun əsas komandasında 2 oyun keçirib. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu hazırda U-21-ə dəvət alır.

Aleks Matos isə “Norviç Siti”nin yetirməsidir. O, bu klubun əsas komandasında oynamayıb. İngiltərədən olan 18 yaşlı yarımmüdafiəçi hücum bölgəsindəki universallığı ilə fərqlənir.

Qeyd edək ki, bu iki oyunçunun qarşıdakı mövsümdə “Çelsi”nin əsas komandasında çıxışı inandırıcı görünmür. Onlar hələlik gənclərdən ibarət komandada forma geyinəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: