Entso Le Fe Liqa 1-də klubunu dəyişdi – 25 milyonluq transfer

Fransanın “Loryan” klubunun gənc yarımmüdafiəçisi Entso Le Fe Liqa 1-in digər təmsilçisi “Renn”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Renn” bu transferə görə “Loryan”a 25 milyon avro ödəyəcək. 23 yaşlı futbolçu ilə müqavilə isə 5 illikdir – 2028-ci ilin 30 iyununa qədər!

Entso Le Fe “Loryan”ın yetirməsidir. O, bu klubun əsas komandasında 142 oyun keçirib, 8 qol və 15 məhsuldar ötürmə müəllifi olub. Fransız futbolçu U-21, U-23-də forma geyinsə də, hələ Fransanın əsas yığmasında debüt şansı qazanmayıb.

“Renn” bu transferdən başqa 3 futbolçusu ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 18 yaşlı mərkəz müdafiəçisi Januel Belosyanla 2, 21 yaşlı hücumçu Alan Do Markolino ilə 3, 23 yaşlı sağ cinah müdafiəçisi Lorents Assinyonla da 4 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Onların hər üçünü klubun öz yetirmələri saymaq olar. Peşəkar karyeralarında məhz “Renn”də başlamış futbolçulardan Belosyan əsas komandada 12, Do Markolino 3, Assinyon da 44 oyuna çıxıb (1 qol, 4 assist).

Yeri gəlmişkən, “Loryan”da da bəzi futbolçularla bağlı qərarlar açıqlanıb. Kapitan Loran Aberjellə 3 illik yeni müqavilə imzalanıb. 30 yaşlı fransalı dayaq yarımmüdafiəçisi 2019-cu ildən oynadığı bu komandada 136 oyuna 5 qol vurub, 5 assist edib.

Nigeriyadan olan 22 yaşlı hücumçu Taofik İsmahil Belçikanın “Beveren” klubuna icarəyə verilib. O, ötən mövsümü də “Valerenqa”da icarədə keçirmişdi. İsmahil “Loryan”dan öncə “Fredrikstad”da da forma geyinib.

23 yaşlı sol cinah müdafiəçisi Samuel Lorik isə “Loryan”dan ayrılaraq “Keviyi Ruan” klubuna keçib. Transferin detalları açıqlanmır. Fransız futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Loryan”ın əsas komandasında cəmi 4 oyun keçirib.

“Loryan” bu ilin yanvarında PSJ-dən icarəyə götürdüyü Ayman Karini də heyətdə saxlamağa qərar verib. Belə ki, 18 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümün sonunadək yenidən icarəyə götürülüb. Fransız futbolçu geridə qalan mövsümdə “Loryan”da 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: