Niderland yığmasının baş məşqçisi Ronald Kuman “Barselona”nın transfer siyasətindən danışıb və tənqidi mövqeyini ortaya qoyub.
Arena.az “Marca”ya istinadən Ronald Kumanın bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Kənardan baxanda, imzalanmış oyunçuların yaşına dair müzakirələr açmaq olar. Nə maddi baxımdan, nə də futbol nöqteyi-nəzərindən onlar gələcək üçün çalışmırlar. Gündoğan əla oyunçudur, amma o, daha əvvəl imzalanmalı idi. Gələcəyə baxmalı olan bir klub üçün… Və onlar bu futbolçuları iki yaxud üç il müddətinə imzalayırlar.
Mən məşqçi olanda pul yox idi. Mən gördüm ki, Pedri, Niko, Qavi var… Biz Niderlandda gənclərə imkanlar verməyə öyrəşmişik. Yaxşı gələcəyə sahib olmaq üçün çalışmaq gərəkdir.
Məsələ hətta məhz Gündoğanda deyil. Hər mövsüm o yaşda iki-üç futbolçu ilə müqavilə bağlamaq olmaz. Gələcək haqqında düşünürsünüzsə, o zaman 22 yaşlı futbolçunun transferi 32 və ya 33 yaşlı oyunçunun transferindən daha yaxşıdır”.
Xatırladaq ki, Ronald Kuman 1989-1995-ci illərdə “Barselona”da müdafiəçi kimi çıxış edib, standart vəziyyətlərin mahir ifaçısı kimi məşhurlaşıb. Kuman futbolçu karyerası ərzində həmçinin hər üç Niderland nəhənginin – “Ayaks”, PSV və “Feyenord”un heyətində çıxış edib.
Kuman məşqçilik karyerası ərzində iki dəfə “Barselona”da çalışıb: 1998-1999-cu illərdə baş məşqçinin köməkçisi, 2020-2021-ci illərdə isə baş məşqçi olaraq. Baş məşqçi kimi Kuman “Barselona” ilə İspaniya Kubokunu qazanıb.


