İtaliyanın “Yuventus” klubunun yeni idman direktoru Kristiano Cuntoli bu yay iki böyük transfer həyata keçirməyi planlaşdırıb.
Arena.az bu barədə jurnalist Covanni Albanezenin məlumatına istinadən xəbər verir.
Məlumata görə, Cuntoli “Qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri ilə söhbət aparıb və transfer bazarında klubun iki böyük hədəfini açıqlayıb. Bunlar “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç və “Sassuolo”nun cinah oyunçusu Domeniko Berardidir.
51 yaşlı Kristiano Cuntoli 8 il (2015-ci ildən) “Napoli”nin idman direktoru vəzifəsində çalışıb. Məhz Cuntoli Gürcüstan yığmasının cinah yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın “Napoli”yə keçidində xüsusi rol oynayıb. İtalyan mütəxəssis “Napoli”də işlədiyi müddətdə komanda iki kubok qazanıb: 2019/2020 mövsümünün İtaliya Kuboku və 2022/2023 mövsümünün İtaliya çempionluğu.
Ümumiyyətlə, Cuntoli çempionluğu qazanmış “Napoli”nin heyətinin formalaşdırılmasında əsas fiqur hesab edilir.
Əvvəllər Cuntoli “Spetsiya” və “Karpi” klubları ilə əməkdaşlıq edib.


