“Qazprom” “Hayduk”u superkluba çevirmək istəyir

Rusiyanın “Qazprom” şirkəti Xorvatiyanın “Hayduk” futbol klubuna komandanın baş sponsoru olmaq üçün rəsmi təklif ünvanlayıb.

Arena.az bu barədə jurnalist Yağız Sabunçuğluya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Qazprom” “Hayduk”u Xorvatiyanın ən yaxşı klubuna çevirmək niyyətindədir. Rusiya şirkətinin “Hayduk”a 30 milyon avro məbləğində transfer büdcəsi təqdim edəcəyi gözlənilir. Öz növbəsində bu, Split klubuna üç ulduz futbolçu almağa imkan verəcək. “Hayduk” artıq “Tottenhem”in xorvat yarımmüdafiəçisi İvan Perişiçə təklif ünvanlayıb.

Xatırladaq ki, “Qazprom” Sankt-Peterburq “Zenit”inin çoxillik titul sponsorudur. Həmçinin iyulda Serbiya “Srvena Zvezda”sı Rusiya şirkəti ilə əməkdaşlığı davam etdirdiyini elan edib.

Tam adı “HNK Hayduk Split” olan klub 13 fevral 1911-ci il tarixində təsis edilib. Komanda ev oyunlarını 34198 yerlik “Polyud” stadionunda keçirir. Klubun sahibi səhmlərin 65.92%-nə sahib olan Split şəhər idarəsidir. Klubun prezidenti Lukşa Yakobuşiç, komandanın baş məşqçisi İvan Leko, kollektivin kapitanı isə qapıçı Lovre Kaliniçdir.

“Hayduk” Xorvatiya futbol liqasında çıxış edir və geridə qalmış 2022/2023 mövsümünü 36 oyundan 71 xalla ikinci yerdə başa vurub. “Hayduk”un əzəli rəqibi Zaqreb “Dinamo”su isə 81 xalla çempionluğu qazanıb.

Ümumiyyətlə “Hayduk” Xorvatiyanın tarixən ikinci ən güclü futbol klubudur. “Hayduk” 6 dəfə Xorvatiya çempionu olub, 13 dəfə çempionatın gümüş, 6 dəfə isə bürünc medallarını qazanıb. Split təmsilçisinin son çempionluğu 2004/2005 mövsümünə təsadüf edir.
Maraq üçün qeyd edək ki, “Hayduk”un əsas rəqibi olan Zaqreb “Dinamo”su 24 dəfə Xorvatiya çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: