Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” 2023/2024 avrokubok mövsümündə Azərbaycana UEFA reytinqində ilk ballarını qazandırıb.
Arena.az xəbər verir ki, Ağdam klubu buna UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”la səfər görüşündə qazandığı qələbə sayəsində nail olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisinin 2:1 hesablı səfər qələbəsi Azərbaycana 0,250 bal qazandırıb. Bununla son 5 mövsümdə ölkəmizin ümumi reytinq balı 14,500-ə çatıb. Avropa ölkələri arasında 29-cu pillədə qərarlaşan Azərbaycan özündən bir addım öndəki Slovakiyadan cəmi 0,125 bal geri qalır.
Reytinq siyahısına 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71,569) üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (51,914) isə altıncıdır. Fransızlar Niderlandı (52,100) özlərindən önə buraxıblar.
Türkiyə 26,600 balla 13-cü sırada qərarlaşıb.
“Qarabağ”ın “Linkoln”la cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Azərbaycanı avrokuboklarda təmsil edəcək digər klublar – “Qəbələ”, “Neftçi” və “Sabah” isə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onların ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq.
“Qəbələ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Omoniya” komandasına qarşı mübarizə aparacaq.
“Neftçi” bu turnirin 1-ci təsnifat mərhələsinin “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibinə rəqib olacaq. Püşkə əsasən, “Neftçi” və “Sabah” ilk matçını səfərdə, “Qəbələ” evdə keçirəcək.


