“Nyukasl”ın baş məşqçisi Eddi Hau “sağsağanlar”ın “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldonun icarəsi ilə bağlı sualını cavablayıb.
Arena.az bu barədə “The Sun”a istinadən məlumat verir:
“Bu, “Nyukasl”a uyğun olub-olmamasından asılıdır. Biz həmişə öz maraqlarımız üçün hərəkət edəcəyik”, deyə Eddi Hau portuqal ulduzun transferi ilə bağlı sualda klubun mövqeyinin vacibliyini vurğulayıb.
Geridə qalmış 2022/2023 mövsümündə “Nyukasl” İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yeri tutaraq, növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ qazanıb.
Xatırladaq ki, “sağsağanlar” 20 ildir ki, Çempionlar Liqasında iştirak etmirlər. Bu komanda sonuncu dəfə 2002/2003 mövsümündə Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində çıxış edib.
Kristiano Ronaldoya gəlincə, ulduz hücumçu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir. Tərəflər arasında müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub. Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində 19 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı Kristiano Ronaldonu 15 milyon avro məbləğində qiymətləndirir.


