2023/2024 mövsümünə Rusiyada hazırlaşan “Neftçi”nin qonşu ölkədə təşkil olunmuş təlim-məşq toplanışı davam edir.
Arena.az xəbər verir ki, Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” Kubokunu başa vuran komanda ötən gün paytaxt Moskvaya yollanıb.
Azərbaycan təmsilçisi artıq paytaxtda ilk məşqinə də çıxıb. Moskva “Spartak”ının təlim-məşq bazasında baş məşqçi Adrian Mutunun rəhbərliyi altında keçirilən hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.
Xatırladaq ki, “ağ-qaralar” iyulun 18-də “Spartak”la yoldaşlıq oyunu keçirəcək. “Otkrıtiye Bank Arena”da təşkil olunacaq bu matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


