Sosial şəbəkələrdə PSJ azarkeşlərinin “Yuventus”un serb hücumçusu Duşan Vlahoviçə qarşı hədələyici ismarışları yayılıb.
Arena.az xəbər verir ki, PSJ fanatları hücumçunun Parisə köçəcəyi təqdirdə, Vlahoviçin üç barmağını kəsəcəklərini car çəkiblər.
Təhdidi əks etdirən müvafiq plakatın şəkli sosial şəbəkələrdə yer alıb. Bildirilir ki, Vlahoviçin təhdid edilməsinin əsas səbəbi, bir qisim PSJ azarkeşinin serb futbolçunun millətçi olmasına əminliyindən qaynaqlanır. Bu qənaət PSJ-nin ultra fanatlarının beyninin məhsuludur: onlar Vlahoviçin Serbiya yığmasının forması üzərində Kosovonu Serbiyanın bir hissəsi kimi göstərən şəklinə əsasən müvafiq mövqe tutublar.
Həmçinin, parislilərin ifrat fanatları Vlahoviçin fotoda neonasistlərin salamı olaraq iddia edilən üç barmaqlı jestindən narazı qalıblar.
Amma bu jestin Serbiyada orta əsrlərdən qələbə və ya sevinc əlaməti olaraq istifadə edildiyi güman edilir. Həm də bu jestin xristian mənşəyi olduğuna və müqəddəs Xristian Üçlüyünü – Ata, Oğul və Müqəddəs ruhu ifadə etdiyinə dair əsaslar var.




