“Bayern”in icraçı direktoru Harri Keynin transferi ilə bağlı danışdı

“Bayern”in icraçı direktoru Yan-Kristian Drizen “Tottenhem”in ingilis hücumçusu Harri Keynin mümkün transferi barədə danışıb.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən Drizenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Heç kimə sirr deyil ki, biz Keyni almaqda çox maraqlıyıq. Uli Hönessin dediklərinin hamısı doğrudur (daha əvvəl “Bayern”in fəxri prezidenti Keynin Münhen klubuna keçmək arzusunda olduğunu bildirmişdi).

Amma bizim üçün ən yaxşısı, Tomas Tuxelin dediklərinə əməl etməkdir. Siz otu çəksəniz, ot daha sürətlə böyüməyəcək”, deyə Drizen hər şeyin vaxtında baş verəcəyinə əminliyini dilə gətirib.

Harri Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən əsas komandada çıxış edir.

Geridə qalmış 2022/2023 mövsümündə Harri Keyn “mahmızlar”ın heyətində 49 oyun keçirib, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Fransa nəhəngi PSJ də Harri Keyni heyətinə qatmaqda maraqlıdır və bu yöndə Paris klubunun prezidenti Nasser Əl-Xelaifinin şəxsən əməli fəaliyyətə keçdiyi haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: