Braziliyalı mərkəz müdafiəçisi, son olaraq Rumıniyanın ÇFR (Kluj) klubunda forma geyinmiş Yuri Matias “Neftçi”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, tam adı Cefferson Yuri de Sousa Matias olan 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasının heyətində 44 nömrəli formanı geyinəcək.
Məşhur “transfermarkt” portalı bu transferin 400 min avroya gerçəkləşdiyini qeyd edib.
Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan” (Mediaş, 2020-2022) və ÇFR (Kluj, 2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə ÇFR-lə Rumıniya çempionu olub.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer etmişdi. Turan Vəlizadə isə “Turan Tovuz”da icarədən qayıdıb. Paytaxt klubunda İvan Brkiç və Emin Mahmudovla da yeni müqavilə imzalanıb. Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya isə komandanı tərk ediblər.


