“Lans”ın ivuarlı mərkəz yarımmüdafiəçisi Seko Fofana ulduz hücumçu Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi “Twitter” hesabı məlumat yayıb.
Fofananın transfer məbləği 19 milyon avrodur. Ərəb klubu 28 yaşlı ivuarlı yarımmüdafiəçi ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.
Geridə qalmış 2022/2023 mövsümündə Fofana “Lans”ın heyətində 39 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib. Fofana “Lans”ın Fransa çempionatının gümüş medalını qazanmasına və UEFA Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə etməsinə böyük töhfə verib. O, həmçinin üç mövsüm ərzində Fransanın şimal təmsilçisinin yarımmüdafiə xəttinin əsas fiquruna çevrilib. Fofana Fransada mövsümün rəmzi komandasında yer alıb ki, “Əl-Nəsr”in diqqətini məhz bu amil cəlb edib.

Fofananın “Lans” karyerası bütövlükdə 112 oyun, 21 qol və 12 assistdən ibarətdir. O, “Udineze”, “Bastiya” və “Fulhem”də də çıxış edib.
Seko Fofana Kot-d’İvuar yığmasının heyətində 8 oyuna çıxıb, 3 qol vurub.
“Lans”ın polşalı hücumçusu Adam Buksa da Türkiyənin “Antalyaspor” klubuna keçib. Super Liqa təmsilçisi 27 yaşlı forvardı satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
Fransa klubu Adam Buksanı ötən ilin yayında 6 milyon avro qarşılığında heyətinə qatmışdı. Amma polşalı forvard Liqa 1 təmsilçisində cəmi 8 matça çıxsa da, fərqlənə bilməyib. O, ABŞ təmsilçisi “Nyu İnqlend Revolyuşn”, “Poqon”, “Zaqlembe”, “Lexiya” (Qdansk) klublarında da forma geyinib. Hücumçu Polşa yığmasında keçirdiyi 9 oyunda 5 qol vurub.



