Bu gün voleybol üzrə Çempionlar Liqasının, CEV Kubokunun və “Challenge Cup” yarışının püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edəcək klublarının da rəqibləri bəlli oldu.
Belə ki, ölkəmizi qadınlar arasında “Challenge Cup” yarışında təmsil edən “Azərreyl”in ilk rəqibi Ukraynanın “SC Balta” klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabrda, ikinci görüşü isə 17-19 oktyabrda keçiriləcək.
Avrokuboklarda debüt edəcək kişilərdən ibarət “Xarı bülbül” (Şuşa) klubunun rəqibi isə “TJ Spartak Miyava” komandası olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 final mərhələsindən start verəcək. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi “Xarı bülbül” (Şuşa) komandasının yeni seçilmiş prezidenti Nuran Hüseynov (Hacı Nuran), klubun təsisçi-direktoru və oyunçusu İlqar İmamquliyev təmsil ediblər.


